Çexiya

Çexiyada Təhsil

Şərqi Avropanın ecazkar ölkəsi Çexiya haqqında yəqin hamı eşidib. Düzdür adətən Çexiya dedikdə insanın ağlına ilk olaraq ölkənin zəngin turizm potensialı və yaxud da ən dadlı hesab edilən Çex pivəsi gəlir, amma bu səhifədə biz sizə Çexiyadakı təhsil imkanlarından danışacağıq. Beləliklə bilin ki, Çexiyada da bizim ölkədə olduğu kimi 7 yaşından 10 yaşına qədər uşaqlar ibtidai məktəbdə oxuyurlar. Onlar 11 yaşından 19 yaşına kimi gimnaziyalarda orta təhsil alır, yaxud istəsələr, orta məktəbi bitirib 16 yaşından 19 yaşına kimi tibb, pedaqoji, hüquq və s. kolleclərdə xüsusi orta təhsil alırlar. Gimnaziyadan və ya kollecdən sonra kamal attestatı almaq üçün imtahan vermək olar. Belə imtahanı verənlər universitetə və ya digər ali təhsil müəssisəsinə daxil olmaq hüququnu qazanırlar.

Çexiyada ali təhsil müəssisələri universitetlərə, institutlara və akademiyalara bölünürlər. Ali təhsil barədə Qanuna görə, yalnız elmlər namizədi və elmlər doktoru hazırlayan ali təhsil müəssisələri universitet adlandırılmaq hüququna malikdirlər. Ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində ali təhsil verən ali təhsil müəssisələri akademiyalara aid edilir.

Çexiyada ali təhsil müəssisələri dövlət və kommersiya tipli olur. Dövlət ali təhsil müəssisələri, bir qayda olaraq, əsaslı maddi  bazası və təcrübəli müəllimləri olan köhnə, sanballı və demək olar ki, pulsuz təhsil müəssisələridir. Dövlət ali məktəbləri həm bakalavr (3 illik təhsil), həm də magistr (5 illik təhsil) hazırlayırlar. Çexiyanın Avropa Birliyinə gözlənilən girişi ilə əlaqədar olaraq, onlar ümumavropa tələblərinin nəzərə alnması şərti ilə tədris olunan fənlərin tərkibini və məzmununu aktiv şəkildə təkmilləşdirirlər. Bu isə onların təhsil sisteminin keyfiyyətini əhəmiyyətli şəkildə artırır. Öz təhsil siyasətlərini az-az təkmilləşdirən MDB ölkələrinin dövlət ali təhsil müəssisələrindən Çexiyanın dövlət ali məktəblərinin fərqi məhz budur. Çexiyanın bütün kommersiya ali təhsil müəssisələri tələbələrə əsasən bakalavr səviyyəsinə qədər (3 illik təhsil) təhsil verən və yaxın zamanlarda (1-3 il əvvəl) yaradılmış təhsil müəssisələridir.  Burada təhsil pulludur. Kommersiya ali təhsil müəssisələri Çexiyanın təhsil nazirliyində təhsilin keyfiyyəti üzrə məcburi attestasiya keçirlər. Bununla belə, onların əsas zəif yeri tələbələrə verilən təhsilin səviyyəsidir.
 
Çexiyada təhsil almağın üstünlükləri 

Azərbaycanda bir çox məktəb məzunlarının və onların valideynlərinin qarşılaşdığı əsas problem məzunun təhsil alacağı ölkənin və ali təhsil müəssisəsinin seçilməsidir. Gələcək həyatın keyfiyyəti, maraqlı və yüksək maaşlı iş perspektivləri məhz bu seçimdən asılıdır. İndiki zamanda daha əlverişli variant Çexiyanın ali təhsil müəssisələrinə daxil olmaqdır. Bu məktəblərdə ali təhsil almaq üçün gözəl imkanlar təşəkkül tapmışdır.

Praqada yerləşən Texniki universitetlər

Karlov universiteti

Çexiyanın ən məşhur universitetlərindən biri paytaxt Praqada yerləşən Karlov universitetidir. Avropanın mərkəzində ən qədim universitetlərdən biri hesab edilir. Belə ki, – Karlov universiteti 1348-ci ildə aprelin 7-də IV Karl – Müqəddəs Roma İmperatoru və Boqemiya kralı tərəfindən təsis edilmişdir. Karlov universiteti Oksfordla, Leydenlə, Bonla, Sorbonna ilə, Boloniya ilə və Cenevrə universiteti ilə yanaşı Avropa ali təhsil müəssisələri assosiasiyasına daxildir və çox yaxşı reytinqə malik universitetlər siyahısındadır.
Əslində Çexiyanın demək olar ki, hər bir iri şəhərində dövlət ali təhsil müəssisəsi tapmaq olar və demək olar ki, onların hamısı klassik Avropa təhsilinin yüksək səviyyəsi ilə fərqlənirlər. Hal hazırda ölkədə 37 ali təhsil müəssisəsi fəaliyyət göstərir (bir polis və bir neçə hərbi ali təhsil müəssisəsini nəzərə almadan).

Masarik adına universitet

Çexiyada digər çox tanınmış universitetlərdən biri olan Masarik universitetinin yaranmasının əsas məqsədi, Çexoslovakiyanın mərkəzi hissəsində – Moraviyada elm və mədəniyyətin böyük inkişaf sürəti olmuşdur desək yanılmarıq. Belə ki, bunun nəticəsində universitetin yaranma mərhələsində ona dövlət  və prezident Masarik tərəfindən güclü maliyyə dəstəyi göstərilmiş, ali məktəbin yüksəlişi təmin edilmişdir. Sonradan bütün bunları nəzərə alan universitet rəhbərliyi Çexoslovakiya respublikasının ilk prezidenti T.Q.Masarikin xidmətlərini yüksək qiymətləndirərək, universiteti onun xatirəsinə adlandırmışlar.

Çexiyanın ali təhsil müəssisəsinə qəbul

Çexiyada təhsil almaq üçün demək olar ki, ən problematik iş Çex dilini bilməkdir. Çünki bəzi istisna beynəlxalq ixtisasları çıxmaq şərti ilə demək olar ki, əksər fənlər həm bakalavr həm də magistr proqramı üzrə Çex dilində həyata keçirilir. Buna baxmayaraq deyə bilərik ki, Almanla və ya ingilislə müqayisədə rusdilli insanlar üçün çex dilini öyrənmək daha asandır. Hər halda Çex dili slavyan dillərinə aid olub, daha doğma təsir bağışlayır və yeri gəlmişkən siz bu dili doğma Bakımızda da çox keyfiyyətli öyrənmək şansına maliksiniz.

Başqa sözlə desək bu Bakı Slavyan Universitetində həm bakalavr həm də magistr dərəcələri üzrə müasir Çex dilini öyrənə bilərsiniz. Məlumat üçün deyək ki, siz orada sadəcə dil kurslarından da istifadə edə bilərsiniz. Çex dili qrammatik cəhətdən rus dilinə yaxın olsa da, fonetik cəhətdən kəskin fərqlənir. Çex dilini öyrənməyin ən yaxşı yolu Çexiya mühitinə, onun məişətinə, mədəniyyətinə tam daxil olmaqdır. Çexiya universitetlərində xarici dil proqramları da mövcuddur.

Praqada yerləşən İqtisadiyyat universiteti (Ali iqtisadiyyat məktəbi VSE)

Praqada yerləşən digər tanınmış universitet  Dövlət İqtisad universitetidir. Bu universitet Çexiyanın iqtisad ali təhsil müəssisələri arasında şərtsiz liderdir. Bu universitet nüfuzlu Avropa menecment məktəbləri ittifaqının (Community of European Management Schools - CEMS) üzvüdür. İttifaqa hər bir Avropa ölkəsində iqtisadçılara və menecerlərə təhsil verən yalnız bir aparıcı ali təhsil müəssisəsi qəbul olunur. Onlar arasında məşhur menecer məktəbləri var: London School of Economics, Univesitat St. Gallen, Universitat zu Koln, Erasmus Universiteit Rotterdam, Copenhagen Business School, Wirtschaftsuniversitat Wien, Stockholm School of Economics, ESADE Barselona və başqaları. Praqada yerləşən iqtisad universiteti məzunlarının diplomları Avropa Birliyinin bütün ölkələrində rəsmən tanınır.

Qəbul imtahanlarının verilməsi

Təhsil Çexoslovakiya cəmiyyətinin həyatında, ənənəvi olaraq, mühüm yer tutur, təhsilli insanlar isə siyasətdə əhəmiyyətli rol oynayırdı. Çexoslovakiyada təhsil sistemi təhsil nazirliyinin və gənclərin işləri üzrə nazirliyin nəzarəti altında idi.

Avropa ölkələrindən fərqli olaraq, Çexiyada ali məktəbə qəbul zamanı yaş məhdudiyyətləri yoxdur. Beləliklə,  abituriyentin 18 yaşına çatması vacib deyil.

Qəbul imtahanı zamanı abituriyent pasportu, doğum haqqında şəhadətnaməni və orta təhsil müəssisəsini bitirməsi barədə attestatı özü ilə götürməlidir. Xarici vətəndaşın attestatı Çexiyada məcburi notarial təsdiqə məruz qalmalıdır.

Çexiyanın dövlət ali təhsil müəssisələrinə qəbul prosedurası MDB ölkələrinin ali təhsil müəssisələrinə qəbul qaydaları ilə analojidir: güclü hazırlıq prosesi, seçilmiş ali məktəbə qəbul imtahanlarının verilməsi və müsabiqədən keçmək. Heç bir abituriyent kateqoriyalarına heç bir güzəşt verilmir. Qəbul zamanı hamı – həm çexlər, həm də xaricilər eyni hüquqludur.

Çexiyanın dövlət adi təhsil müəssisələrinə qəbul imtahanları çex dilində aparılır. Adətən, bir neçə əsas fəndən imtahan verilir (həm yazılı, həm də şifahi formada). Əsas fənlərin dəqiq adı və məzmunu seçilmiş ixtisasdan, fakültədən və ali məktəbdən asılı olaraq dəyişir.

Özəl ali təhsil müəssisələrində qəbul imtahanlarının tərkibi onların rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Qəbul imtahanlarının strukturu ali məktəbdən və onun nüfuzundan asılı olaraq dəyişir. Daha geniş yayılmış forma yazılı testlərin və sonra şifahi müsahibənin kompozisiyasından ibarətdir. Lakin bir çox özəl ali təhsil müəssisələrində qəbul sadəcə olaraq şifahi müsahibə yolu ilə mümkündür.

Dövlət universitetlərinin əksəriyyətində buraxılış imtahanlarının verilməsi üçün sənədlərin qəbulu qəbul ilinin yanvar – fevral aylarında həyata keçirilir. Kommersiya tipli ali məktəblərdə sənədlərin qəbul müddətləri, bir qayda olaraq, daha uzun çəkir. Belə ali məktəblərin çoxu abituriyentlərdən sifarişləri hətta ildə bir neçə dəfə qəbul edirlər.

Çexiyanın dövlət ali məktəblərinə qəbul imtahanlarının verilməsi, adətən, qəbul ilinin iyun ayında həyata keçirilir. Kommersiya ali məktəblərində imtahanların verilməsi fərdi qrafiklər üzrə və adətən, dövlət ali məktəbləri üçün müəyyənləşdirilmiş müddətlərdən bir qədər gec və ildə bir neçə dəfə həyata keçirilir.

 

Comments:

Facebook